Biz hələ məğlub
olmamışıq...
Bu
günkü müsahibimiz yaratdığı çoxsaylı
obrazlarla bir çox tamaşaçılarımızın
könlünü fəth etmiş, onlara teatrı, kinonu,
aktyorluq sənətini sevdirmiş çox istedadlı və
güclü aktyorumuz İncəsənət Universitetinin
dosenti, əməkdar artist Məmməd Səfadır.
-Məmməd bəy, hal-hazıra
sizinlə uzun illərdi fəaliyyət göstərdiyiniz
"Yuğ" teatrında əyləşmişik. Bilmək
maraqlı olardı illər öncədən sizi bu teatra
çəkib gətirən bağlayan hansı səbəblər
olmuşdur?
- Bu teatr hələ "Yuğ" adı altında formalaşmamışdan əvvəl 1984-cü ildən rəhmətlik Vaqif İbrahimoğlu ilə görüşürdüm. Bir müddət mən, eləcə də hal-hazırda mənimlə indiyənə qədər çiyin-çiyinə işləyən sənət dostlarım universitetimizin Tədris teatrında fəaliyyət göstərdik. Sonra Musiqili Komediya tetarında yığışdıq. Elə olurdu ki, Vaqif müəllimlə biz gecə saat on ikiyə kimi işləyirdik. Bir müddət sonra isə biz Akademik Milli Dram Teatrının kiçik səhnəsində studiya heyəti formasında toplaşdıq. 1990-cı ildə Teatrımız Dövlət Yuğ teatrı statusunu aldı. O gündən bu günə biz fəaliyyətimizi davam elətdirdik. Vaqif müəllim təəssüf ki, aramızdan ayrıldı. Amma məni bu teatra çəkib gətirən, isidən, bağlayan bir insan var, o da Vaqif İbrahimoğlu adıdır... Hətta belə deyərdim nəinki mən, bizim hamımız bu teatra o kişinin işığına yığışdıq. Günü bu gün də məni və başqa yaradıcı dostlarımı da bu teatra bağlayan Vaqif İbrahimoğlunun işığıdı. Bu işıq o zaman yoxa çıxa bilər ki, burda fəaliyyət göstərən, o kişinin əlindən su içən insanlar da bu dünyadan köçüb gedələr...
- Bu
barədə yuğçuları vəfalı tələbələr
adlandırmaq olar?
- Bilirsinizmi, vəfa öz yerində. Burda söhbət həqiqətdən, amaldan, peşəkarlıqdan gedir. Burda həm də çox dəyərli insanlar yığışıb, bugünkü günə qədər var olmaqlarını davam etdirirlər.
- Ümumiyyətlə
Yuğ teatrını necə dəyərləndirərdiniz?
Bu məkan çoxmu sirlidi?
- Bir vacib məsələni vurğulamaq istəyirəm... Hal-hazırda istər paytaxtda, istərsə də əyalətlərimizdə çox gözəl teatrlarımız var. Və həmin teatrlarımızda da, dünyaca məşhur olan aktyorlarla bir cərgədə dayana biləcək qədər istedadlı aktyorlarımız var. Hətta nə vaxtsa, bizim aktyorlara həmin məşhur aktyorlarla işləmək qismət olsa, onları geridə qoya biləcək qədər qüvvətli aktyorlarımız var. Mən inanıram ki, nə vaxtsa, imkanlar yaranacaq ki, onlar özlərini nəinki Azərbaycanda, dünyada da göstərə biləcəklər. Çünki, bizim aktyor potenisalımız çox güclüdü.
- O ki, qaldı sualınıza. Mənim üçün bu teatrın başqa teatrlardan fərqi ondadır ki, burda teatrın qurluşu elədir ki, tamaşa zamanı aktyorun tamaşaçısı ilə sıx ünsiyyət qurmasına imkan yaradır. Yəni burda arxa planda qalmaq qeyri-mümkündür. Aktyor həmişə iri planda və öndədir. Tamaşaçı ilə bir metr, hətta nəfəs-nəfəsə dayandığımız məqamlar olur... Bu cür şəraitdə işləmək aktyor üçün olduqca çətindir. Bundan əlavə də bu teatr mənim üçün həm də ona görə qiymətlidir ki, məkanı çox balaca olduğundan bura həm də kinodu... Burda yalan danışmağa ehtiyac qalmır.. Hər şey həqiqət üzərində qurulur. Başqa teatrların da öz şərtləri var. Aktyor həmin şərtlərlə işləməyə məcbur olduğu kimi "Yuğ"un da öz şərtləri və ab-havası vardır.
- Bu
yaxınlarda sizin on doqquz il əvvəl
çəkildiyiniz cəmiyyətdəki eybəcərliklərdən
bəhs edən "Köpək" filminizə baxdım.
Ümumiyyətlə, pis hadisələri
həm cəmiyyətdə müşahidə etmək, həm
də onu səhnədə, filmdə yaratmaq necə bir hissdi?
- Aktyorluq peşəsinin şərtləri elədir ki, onun aktyorda uzun illər formalaşdırdığı, yaratdığı səriştə və vərdişlər var. Və mənə belə gəlir ki, aktyor həmin vərdişlərinə, ətraf mühiti müşahidəsinə, mütaliəsinə, tərəf müqabillərinin gücünə söykənir. Yəni bu qədər şərtlər çoxluğunda peşəkar aktyor həmin şərtləri özündə yerbəyer etməyi bacarmalıdır. Bir də ki, hər bir aktyorun bir qisməti var. Bu baxımdan istər adını çəkdiyiniz "Köpək" filmi, istərsə də digər filmlərdə mənim aktyor qismətimdir... Mənə qismət olan filmlərin məqsədini mən bacardığım qədər tamaşaçıya çatdırmağa çalışmışam. Təbii ki, hamımız istəyərik ki, həyatda, cəmiyyətdə hər şey qaydasında olsun. Pis hadisələr baş verməsin. Amma axı bizim yaşadığımız həyatdır... Həyatda da çox şeyləri idarə etmək mümkün olmur...
Həyatın da öz qanunları var. O qanunları filmə, tamaşaya daşımaq aktyorun daxili aləminə mənəvi cəhətdən ağır, qalıcı təsirlər göstərsə də biz buna işimizin bir hissəsi kimi yanaşırıq. Ən çox da çalışırıq ki, hərə özünə lazım olan dərsi, mesajı götürə bilsin.
- Bir
çox aktyorlarımız
tamaşaçıların məhz tamaşa
vaxtı özlərini teatr qaydalarına uyğun apara bilməmələrindən
narazıdılar. "Yuğ"dakı bayaq
dediyiniz tamaşaçı, aktyor məsafəsinin yaxınlığını
nəzərə alanda burda
vəziyyət necədi?
- Bizim tetarın salonu əlli, altmış nəfər tutur. Buna baxmayaraq bizdə heç vaxt elə narahatçılıqlar olmayıb. Tamaşaçılarımız da həmişə bol olub. Hətta elə tamaşaçı var ki, bir tamaşa nə qədər repertuardadırsa, hər dəfə gəlib həmin tamaşaya baxır. Bunun özü artıq həmin tamaşaçının öz düşüncələrinə bağlıdı... Mən tam səmimi deyirəm ki, iyirmi ildən artıqdır ki, bu teatrda çalışıram və hansısa tamaşaçı bayağılığı ilə qarşılaşmamışam. İnanmıram ki, bundan sonra da qarşılaşım.
- Aktyor
peşəsini sizin fikrinizcə ən çox nələr tamamlayır?
- Aktyorluq sənəti ən çox söz və gözlərdən ibarətdir. Hansısa aktyorun sözü azdırsa, deməli, onun ədəbi mütaliəsi də azdır. Söz özü çox qiymətlidi. Bəzən yerində işlənməyən, deyilməyən bir kəlmə söz insanın bütün həyatını alt-üst edib dəhşətlər yarada bilər. Bizim peşəmizdə söz o zaman gücdən düşür ki, sözü gözün ifadəsi tamamlayır. Gözün ifadəsi müəyyən bir fikri ifadə edə bilməyəndə artıq sözə keçib tamamlayır... Sözlər kitabların aynasıdırsa, gözlər də insanların, fikirlərin, düşüncələrinin aynasıdır.
- Siz
uzun illərdir ki, həm
İncəsənət Universitetində, həm də işlədiyiniz
teatrda pedaqoji fəaliyyətlə
də məşğul olursunuz. Tələbələrinizdən
nə dərəcədə razısınız?
- Bəli, mən universiteti bitirdiyim vaxtdan bu günə qədər İncəsənət universitetində pedaqoji fəaliyyət göstərirəm. Həmin tədris məkanının dosentiyəm. Bizim çox istedadlı tələbələrimiz olub və indi də yetişirlər. Təbii ki, onların hamısı istedadlı ola bilməz. Mütləq onların içərisində səhlənkarı, bu peşəyə belə deyək də, qeyri-ciddi yanaşanları da olur... Amma bu çox az hallarda rast gəlinir. Mən tələbələrimizin gələcəyinə çox inanıram. Çünki, inamsızlıq dəhşətli hadisələrin baş verməsinə səbəb ola bilər... Amma səhlənkarlıq və yaxud da gəncliyin verdiyi çılğınlıqları bir kənara qoysaq yaxşı tələbələr var. Hər bir bacarıqlı gənc fərd formasında aktyora lazım olan böyük nəticələrə gəlib çıxanda böyük aktyor da ola bilər. Yoxsa, təpinməklə, müəllim zabitəsi ilə ona bu sənəti sevməyi məcbur etməklə o böyük nəticələri əldə etmək olmaz. Bir də, ən əsas məsələ odur ki, bu sənətə gələn hər bir gəncin ilk növbədə sənətə sevgisi olmalıdı. İndi hal-hazıra bizim teatrımızın nəzdində də kurslarımız var. Tələbələrim dərslərə gəlirlər, özləri tamaşalar hazırlayırlar. Təbii ki, müəllim kimi bütün bunlar məni sevindirir.
- Son
çəkildiyiniz "Dolu" filmi barədə nələri
xatırlayırsınız?
- Filmin rejissoru Elxan Cəfərovla uzun müddət bir işləmişik. "Dolu"da da bizim teatrın bir neçə aktyorları ilə birgə işlədik. Elxanla bizim aramızda elə bir dostluq, doğmalıq var ki, biz bir-birimizi çox uzaq məsafələrdən hətta üzümüzü görmədən səsimizi eşitsək belə başa düşüb, anlayırıq. Həm bu baxımdan, həm yaradıcı heyət baxımından çox gözəl bir film oldu. Mən də təbii ki, çox məmnuniyyətlə həmin filmə çəkildim.
- Filmdə torpaqlarını itirmiş komandir rolunu oynayırsınız. Yaxın keçmiş olan müharibənin ağrıları altında həmin obrazı yaratmaq necə hiss idi?
- Aqil Abbasın "Dolu" romanı Qarabağ haqqında yazılmış çox təsirli bir romandı. Film özü də çox ağır bir film idi. Ən dəhşətli məqam isə odur ki, biz hələ qələbə çalmamışıq... Bayrağımızı aparıb öz torpaqlarımıza sancmamışıq... Bu baxımdan təbii ki, film belə olsa, o hissləri yaşamaq çox ağrılıdı. Lakin mən bu çətin günlərimizin bir gün bizim xeyrimizə, qələbəmizə uyğun bir nəhayət tapacağına əminəm.
Həmin filmin çəkilişləri zamanı çəkiliş meydançasında iştirak edən elə oğullarımızı, zabitlərimizi, komandirlərimizi gördüm ki, riqqətə gəldim. Belə bir mənzərənin şahidi olmuşdum. Çəkiliş meyançasında çox ağır çəkili bir silah vardı. Orda bir komandir həmin silahı qaldırıb atəş açdı. Hər tərəf silkələndi. Ordakı zabit yolaşlardan biri belə bir söz işlətdi ki, bu silah səslənəndə mənim vücudum vəcdə gəlir. Yəni bu artıq bir əsgərin, vətən keşikçisinin ürəkdən gələn sözləri idi. Bu sözlərdən sonra mən bir daha əmin oldum ki, belə vətən oğulları ilə biz hələ məğlub olmamışıq... Onlarla haracan desəniz getmək mümkündür. İnanmıram ki, hansısa normal vətəndaşımızın daxilindən Qarabağ ağrısı keçməmiş olsun... Və təbii ki, təbliğatdan, belə filmlərin çox çəkilməsindən, təbliğ olunmasından da çox şey asılıdı. "Dolu" filminin bir çox ölkələrdə, bölgələrimizdə nümayişi zamanı mən insanların necə vəcdə gəldiyinin şahidi olmuşam. Çünki, bu filmdə söhbət vətəndən, torpaqdan və namusdan gedir. Çox şeylərə göz yummaq, onları itirmək olar. Amma vətəni, ləyaqəti itirmək heç bir vətəndaşımıza şərəf gətirməz. Heç bir normal vətəndaş da bunlara biganə qala bilməz. Bu gün deyə bilər ki, "məndən ötdü qardaşıma dəydi", amma sabah dərk edəcək ki, ondan ötən hər bir şey dönüb, dolaşıb bir gün onun özünə də dəyəcək. Bu mənada "Dolu" filmi mənim üçün digər filmlərimdən çox qiymətlidi.
- "Otello" tamaşasının sonunda Şeksprin sonetlərindən birini dəflə müşayiət edib çox gözəl ifa edirsiniz. Həmin sonetdə belə bir bənd var.
Ayna sübut etməz qocalığımı
Sənin gəncliyinlə uçan quşam mən
Üzümdə açanda illər şırımın
Bir onda bilirəm qocalmışam mən...
- Həmin bənddən
yola çıxaraq sizə belə bir sual ünvanlamaq
istərdim. Sizcə, aktyor səhnədə
qocalmalıdır, ya həyatda?
- Hə... Çox çətin sual oldu. (fikrə gedir...) O mənada çətin sualdı ki, adamı düşünməyə vadar edir... Bilirsinizmi səhnədə də qocalmaq olar, həyatda da... Amma əsas odur ki, Allah-Təala ilahi gücünü, qüvvəsini aktyordan almasın. Təki nə cavanlıqda, nə də qocalıqda o gücdən, qüvvədən məhrum olmayım. Mən hələ ki, o gücü özümdə hiss edirəm. Çünki, qəlbimin dərinliklərində hələ də o uşaqlıq illərimə, duyğularıma söykənirəm. Yəni o uşaqlıq duyğularım, kövrəkliyim məni bu günəcən tərk etməyib. İnsanı cavan saxlayan da belə məziyyətləridir. Buna görə də yaşımın irəlləməsini o qədər də hiss eləmirəm...
Samirə Əşrəf
Ədalət.-2013.-4 iyun.-S.6.